MƏDƏNİYYƏT
Birinci Bakı Beynəlxalq turizm filmləri festivalının müsabiqə proqramı açıqlanmışdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, bu il noyabrın 20-dən 24-dək Nizami Kino Mərkəzində birinci Bakı Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir.
İndiyədək festivala, ümumilikdə, 38 ölkədən 140 rejissor 215 film təqdim etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivalın təşkilat komitəsi müsabiqənin proqramını açıqlamışdır. “Ölkə, region, şəhər” kateqoriyasında 15, “Mədəniyyət, ənənə” kateqoriyasında 16, “Ekstremal turizm” kateqoriyasında 9, “Ekoloji turizm” kateqoriyasında 13, “Reklam filmləri” kateqoriyasında 10, “TV filmləri” kateqoriyasında 15 film olmaqla, ümumilikdə, 78 film müsabiqə proqramına daxil edilmişdir.
Bütövlükdə 31 ölkədən (ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Çex Respublikası, Danimarka, Fransa, Gürcüstan, Xorvatiya, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Qazaxıstan, Qırğızıstan, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Monteneqro, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukrayna, Yunanıstan) 74 rejissorun filminin iştirak etdiyi müsabiqə proqramında 14 azərbaycanlı rejissorun da filmi yer almışdır. Proqramla daha ətraflı www.bitff.az veb-saytında tanış olmaq mümkündür.
Filmlər noyabrın 20-dən 23-dək Nizami Kino Mərkəzində nümayiş olunacaqdır. Kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandırmaq üçün müəyyən edəcəkdir. Birinci yerə layiq görülən filmlərə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, ikinci yerə layiq görülən filmlərə Gümüş mükafat - diplom və mükafat, üçüncü yeri tutan filmlərə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcəkdir.
Festivalın ən yaxşı filminə isə “Qran-pri” - diplom, mükafat və 4000 avro pul təqdim olunacaqdır.
Noyabrın 20-də keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcəkdir. Həmin gün Nizami Kino Mərkəzində açılış filmi kimi məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan “Qafqaza qayıdış” filmi nümayiş etdiriləcəkdir. Festivalın bağlanış mərasiminin isə noyabrın 23-də keçirilməsi nəzərdə tutulur.
Festivala xaricdən 45 qonaq dəvət edilmişdir. Bu qonaqlardan bir hissəsi müsabiqədə iştirak edən filmlərin rejissorları, bəziləri isə dünyanın müxtəlif yerlərində keçirilən turizm filmləri festivallarının direktorlarıdır.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival həmin filmlərə beynəlxalq auditoriya qazandırmaq üçün onlara dəstək göstərir.
Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi sponsoru “Qarant Holdinq”, sponsoru “Nar Mobile”, rəsmi tərəfdaşı “JW Marriot Absheron Baku” oteli, informasiya dəstəkçiləri İctimai Televiziya, “APA Holdinq” və day.az saytıdır.