CƏMİYYƏT
Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanıb
Bakı, 30 avqust, AZƏRTAC
Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən hesabat hazırlanıb. Hesabat 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hesabatın hazırlanmasında əsas məqsəd 4 minə yaxın itkin düşmüş azərbaycanlının bu günədək naməlum qalan taleyi ilə bağlı məsələnin, habelə onların ailələrinin çağırışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, itkin düşmüş şəxslər haqqında məlumatların verilməsinin təmin edilməsidir.
Məlumdur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu günədək bir neçə kütləvi məzarlıq aşkarlanıb və tapılan qalıqların eyniləşdirilməsi aparılaraq, onların itkin düşmüş azərbaycanlılara məxsus olması təsdiqini tapır. Bu faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərini birbaşa pozması hallarını sübut edir. Ombudsmanın hesabatında da bu mövzuya toxunulub və itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları təqdim etməsi üçün Ermənistana dünya ictimaiyyəti tərəfindən çağırışlar edilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı milli və beynəlxalq qurumlarla əməkdaşlıq nəticəsində əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib. Eyni zamanda, ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşlarının itkin düşmüş şəxslərin ailə üzvləri, ermənilər tərəfindən girovluqda saxlanmış şəxslərlə keçirdiyi görüşlər, bu görüşlər zamanı doğmalarının həmin şəxslər haqqında verdiyi məlumatlar hesabatda əksini tapıb. Bununla yanaşı, Ombudsmanın bu günədək bu sahədə həyata keçirdiyi fəaliyyətlə bağlı yerli və xarici mətbuatda yayımlanmış informasiyanın ümumiləşdirilməsi aparılıb, aidiyyəti foto və videomateriallardan istifadə edilib.
Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.