Biz dəniz sahilinin təmizliyinin qayğısına qalmaqla, son nəticədə, öz qayğımıza qalmış oluruq!
Sumqayıt, 27 may, Ətrabə Rzayeva, AZƏRTAC
Çimərlik mövsümünün başlanmasına az qalır. May ayının 27-də Xəzərin Sumqayıt ərazisi sahilinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan ekoloji aksiyaya 100-dən çox ASAN könüllüləri, digər qurumların könüllüləri, ictimaiyyat nümayəndələri qoşulub. Zəruri sanitar ləvazimatlarla təmin edilmiş iştirakçılar aksiya çərçivəsində sahildən toplanmış tullantıların çeşidlənməsini həyata keçirib, daha sonra şəhərin təmizlik departamentinin nümayəndələrinə təhvil veriblər.
Bu sözləri AZƏRTAC-a Sumqayıt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional idarəsinin rəisi Vaqif Cavadov deyib. O, 28 May Müstəqillik Günü ərəfəsində ölkənin Xəzərboyu bütün ərazilərində, o cümlədən də Sumqayıt şəhərinin Corat qəsəbəsi sahilində təmizlik aksiyasının keçirildiyini bildirib. Ətraf mühitin ekoloji durumunun saflaşmasında, insanların sağlamlığına müsbət təsirində müstəsna əhəmiyyət kəsb edən bu aksiyanın təşkilatçıları Ekologiya və Təbii Sərvətlər Nazirliliyi, şəhər icra hakimiyyətidir.
Vaqif Cavadov təəssüf hissi ilə qeyd edib ki, bu ərazidə hər il aksiya keçirməyimizə baxmayaraq yenə də toplanmağa tullantılar var. O, bütün şəhər sakinlərini, dənizə dincəlməyə gələn vətəndaşları Xəzərdən səmərəli istifadə etməyə, təmizliyə riayət etməyə çağırıb. Dəniz bizim sərvətimiz, sağlamlıq mənbəyimiz, dincəlmək məkanımızdır! Gəlin hər birimiz bu sərvətə vətəndaşlıq məsuliyyəti ilə yanaşaq! Çünki biz dəniz sahilinin təmizliyinin qayğısına qalmaqla, son nəticədə öz qayğımıza qalmış oluruq!