DÜNYA
Bloomberg: Makronun Ukrayna planı Aİ-də parçalanma yarada bilər
Bakı, 20 aprel, AZƏRTAC
Qərb ölkələri Emmanuel Makronun Ukrayna böhranını Çinin vasitəçiliyi ilə nizamlamaq planına tənqidi yanaşıb. Onların fikrincə bu, Avropa İttifaqında parçalanmaya səbəb ola bilər.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, qərbli siyasətçilərin fikrincə, Emmanuel Makronun vaxtından əvvəl təklif etdiyi strategiya Avropanın vahid mövqeyinə mənfi təsir göstərə bilər. Onların fikrincə, Pekinin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqların təşkili tərəflərin ərazi iddialarında qarışıqlığa gətirib çıxaracaq.
Agentlik qeyd edir ki, avropalı siyasətçilər Pekinin Moskva ilə yaxınlığını nəzərə alaraq, Çinin neytrallığına və vasitəçilik imkanlarına şübhə ilə yanaşırlar.
Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen aprelin 5-dən 7-dək Çində səfərdə olublar. Onlar ÇXR sədri Si Cinpinlə görüşərək ikitərəfli əməkdaşlığı, Avropa İttifaqı ilə münasibətləri və Ukraynadakı vəziyyəti müzakirə ediblər.