CƏMİYYƏT
BMT Baş katibinə Nizami Gəncəvi irsinin simvolu olan xatirə qəpiyi təqdim edilib
Bakı, 27 noyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) tərəfdaşlığı ilə Portuqaliyanın Kaşkaiş şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) X Qlobal Forumu çərçivəsində təşkilatın Baş katibi Antonio Quterreş ilə xüsusi görüş keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı COP29 iqlim sammiti, beynəlxalq çağırışlar və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Belə toplantıların mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Baş katibə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı Qlobal Bakı forumları, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq və digər təşəbbüslər haqqında məlumatlar verilib.
Bundan əlavə, Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmaların illüstrasiyası əsasında hazırlanmış xatirə qəpiyi BMT-nin Baş katibinə hədiyyə olunub.