BMT-NİN QADINLARA DAİR KONVENSİYASININ TƏTBİQİ İLƏ BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR
Komitə sədrinin müavini Möminat Ömərova Konvensiyanın əhəmiyyətindən danışmış, BMT-nin bu istiqamətdə gördüyü işlər barədə məlumat vermiş, bu sənədin müddəalarının ölkəmizdə tətbiqinin vacibliyini vurğulamışdır. O bildirmişdir ki, Konvensiyanın həyata keçirilməsinə dair Azərbaycanın ilkin hesabatı 1996-cı ildə BMT-nin CEDAW Komitəsinə təqdim edilmiş və müsbət qiymətləndirilmişdir. Bunun əsasında ölkədə qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra qanunvericilik aktları tətbiq edilmiş, müvafiq tədbirlər həyata keçirilmişdir.
ABA CEELİ təşkilatının ölkə üzrə rəhbəri xanım Linn Sferrazza, BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (YUNİFEM) milli layihə üzrə əlaqələndiricisi Gülşən Paşayeva, “Qadınlar neft sənayesində” cəmiyyətinin sədri Solmaz Hacıyeva və başqaları GEDAW-ın qadın hüquqlarının müdafiəsinə dair əsas beynəlxalq sənəd olduğunu diqqətə çarpdırmış, onun tətbiqində qeyri-hökumət təşkilatlarının rolunu qeyd etmişlər.
Yığıncaqda təqdim olunmuş hesabatlara dair çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır.