DÜNYA
BMT Ümumdünya Autizm Maarifləndirmə Günü ilə bağlı qlobal virtual tədbir keçirir
Bakı, 2 aprel, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə 2 aprel tarixini Ümumdünya Autizm Maarifləndirmə Günü (WAAD) olaraq təsis edib. Həmin vaxtdan dünya ictimaiyyəti autizm sindromlu xəstələr üçün bütün insan hüquqlarının və əsas azadlıqlarının tam şəkildə həyata keçirilməsini təsdiq və təşviq etmək üçün bu günü geniş şəkildə qeyd edir. Onların problemlərini daha geniş auditoriyaya çatdırmaq üçün yorulmadan çalışan bir çox heyrətamiz autizm müdafiəçiləri sayəsində artıq xeyli irəliləyiş əldə edilib.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilat bu gün Ümumdünya Autizm Maarifləndirmə Günü münasibətilə “Sağ qalmaqdan inkişafa keçmək: Autizm sindromlu fərdlər regional perspektivləri bölüşürlər” mövzusunda virtual tədbir keçirir.
BMT bildirib ki, 2024-cü il tədbirində ilk dəfə olaraq bu istiqamətdə görülən işlərin vəziyyətinə autizm sindromlu insanların öz nöqteyi-nəzərindən diqqət yetiriləcək. Keçən il olduğu kimi, tədbirdə altı bölgəni - Afrika, Asiya və Sakit Okean, Avropa, Latın Amerikası və Karib hövzəsi, Şimali Amerika və Okeaniyanı təmsil edən autizm sindromlu xəstələr və həkimlər iştirak edirlər. Natiqlər öz bölgələrində işlərin vəziyyəti, həmçinin autizm sindromlu insanların inkişaf edə bilməsi üçün Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) həyata keçirilməsinin vacibliyi haqqında fikirlərini təqdim edirlər.
Tədbir Birləşmiş Millətlər Təşkilatının Qlobal Kommunikasiyalar Departamenti tərəfindən Neyromüxtəliflik İnstitutu (ION) ilə sıx əməkdaşlıq çərçivəsində təşkil olunub. ION mərkəzi ofisi İsveçrədə yerləşən neyrominorluq tərəfindən yaradılmış, könüllülər tərəfindən idarə olunan inklüziv qlobal üzvlük təşkilatıdır. O, hazırda qlobal miqyasda 23 ölkədə mövcudluğu ilə dünyanın ən böyük və qlobal miqyasda təmsil olunan neyromüxtəliflik təşəbbüsüdür.
Virtual tədbir aprelin 8-dək davam edəcək.