ELM VƏ TƏHSİL
BMU İndoneziyanın dövlət universiteti ilə əməkdaşlıq əlaqələri qurur
Xırdalan, 11 sentyabr, AZƏRTAC
İndoneziyanın Negeri Surabaya Dövlət Universitetinin (UNESA) rəhbərliyi Bakı Mühəndislik Universitetində (BMU) olub.
Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Qonaqlarla görüşən rektor Yaqub Piriyev rəhbərlik etdiyi BMU-nun yaranma tarixi, strukturu, tədris və elmi-tədqiqat fəaliyyəti haqqında geniş məlumat verib. Universitetin kampusu və müasir laboratoriyalarından bəhs edən rektor universitetin bakalavriat səviyyəsinə 36 ixtisas üzrə builki qəbulun müsbət nəticələrindən və əldə olunan digər uğurlardan danışıb. Bu faktorların ali məktəbin inkişafının bariz göstəricisi olduğunu deyən Yaqub Piriyev universitetin son illər beynəlxalq əlaqələrinin formalaşmasına da diqqət çəkib. İndoneziyanın ali məktəbləri ilə əməkdaşlığın qurulmasının önəmini vurğulayan rektor UNESA ilə BMU arasında təməli qoyulan münasibətlərdən məmnunluğunu ifadə edib.
UNESA-nın nümayəndələri çıxışlarında təmsil etdikləri ali məktəb haqqında məlumat veriblər. Bildirilib ki, 1964-cü ildə yaradılan universitetdə 14 fakültə fəaliyyət göstərir. Burada, həmçinin mühəndislik ixtisasları da tədris olunur və ümumilikdə 60 mindən çox tələbə təhsil alır. Qonaqlar BMU ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliklərini ifadə ediblər.
Görüşdə elmi-tədqiqat, müəllim, tələbə mübadiləsi, QS və başqa istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra iki universitet arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Təhsil, tədqiqat, innovasiya sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məqsədini daşıyan memorandumda tələbə və akademik heyətin mübadiləsi, birgə tədqiqat və dərəcə proqramlarının yaradılması, birgə tədbirlərin təşkili və s. nəzərdə tutulub.
Görüşdən sonra qonaqlar BMU-nun kampusu və laboratoriyaları ilə tanış olublar.