Bölgələrə mədəni qastrol proqramı çərçivəsində Şəkidə növbəti konsert təqdim olunub
Şəki, 7 iyul, AZƏRTAC
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, proqrama başlamazdan əvvəl qeyd olunub ki, bu layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi xüsusi əhəmiyyət daşıyır. Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, Azərbaycan mədəniyyətinin zəngin irsinin bölgələrdə təbliği, klassik və müasir musiqimizin daha geniş auditoriyaya çatdırılmasıdır.
Ellada Məmmədovanın dirijorluğu ilə keçən konsertdə tamaşaçılar Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovanın ifasında “Küçələrə su səpmişəm”, “Ay lolo”, Tofiq Quliyevin “Əziz surət”, “Qızmar günəş altında” kinofilmindən “Qızlar”, Oqtay Kazıminin “Tələsin insanlar”, Şəfiqə Axundovanın “Şəki”, həmçinin orkestrin solistləri Fəxri Kazım-Nicat, Rövşən Qəhrəmanov və Ayşən Mehdiyevanın ifasında bəstəkar və xalq mahnılarını dinləyiblər.
Qeyd edək ki, qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir. Layihə, eyni zamanda, paytaxtla bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətimizin regionlarda daha geniş təqdim olunmasına xidmət edir.
Müxbir – Mustafa Dadaşov