İDMAN
Bolqarıstanın gənclər və idman naziri ASAPES-də qonaq olub
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev işgüzar görüşləri çərçivəsində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) qonağı olub.
AZƏRTAC xəbər verir ki, Akademiyanın rektoru Fuad Hacıyev qonağı ASAPES-in Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edərək, hər iki mərkəzin fəaliyyət istiqaməti və görülən işlər barədə məlumatlandırıb.
Konfrans zalında baş tutan rəsmi hissədə F. Hacıyev Bolqarıstan nümayəndə heyətinə ASAPES-in hazırkı və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib. Daha sonra akademiyanın ümumi fəaliyyətini əks etdirən film nümayiş olunub. Görüş qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsilə davam edib.
Daha sonra Bolqarıstanın gənclər və idman nazirinin müavini Daniela Daşeva akademiyanın akt zalında professor-müəllim, inzibati heyət, tələbə və qonaqlar üçün “Olimpiya hazırlığının müasir sistemləri” mövzusunda mühazirəsini təqdim edib. Sonda isə qonaqlara xatirə hədiyyələri təqdim edilib.