BOLQARISTANIN VİTSE-PREZİDENTİ ANGEL MARİNİN ÇIXIŞI
-Zati-aliləri cənab Prezident,
Xanımlar və cənablar!
İcazə verin, ilk növbədə, Bolqarıstan tərəfini bu mötəbər forumda iştirak etmək üçün dəvətə və səmimi qonaqpərvərliyə görə lütfkar ev sahibinə, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə təşəkkürümü bildirim.
Artıq bir ildən çoxdur ki, GUAM demokratiya və iqtisadi inkişaf uğrunda beynəlxalq təşkilat kimi fəaliyyət göstərir. Həyata keçirilən dəyişikliklər institusional baxımdan əməkdaşlığın inkişafına yeni təkan vermiş, həm GUAM çərçivəsində, həm də ümumiyyətlə regionda daha geniş qarşılıqlı əlaqələrin inkişafına imkan yaratmışdır.
Ötən dövr mənim ölkəm üçün mühüm olmuşdur. 2007-ci il yanvarın 1-də Bolqarıstan Avropa İttfaqının tamhüquqlu üzvü oldu, bununla da bolqar xalqının Avropa dəyərlərinə qoşulmaq yolunda çoxillik səylərinə yekun vuruldu.
Bolqarıstan indi artıq Avropa İttifaqında qərarlar qəbul edilməsi prosesinin bir hissəsidir və GUAM dövlətləri ilə ənənəvi səmimi dostluq münasibətləri olan bir ölkə kimi, Avropa mehriban qonşuluq siyasətinə qoşulmuş ölkələr arasında əməkdaşlığa daha fəal kömək göstərəcəkdir.
Bununla əlaqədar demək istərdim ki, Bolqarıstan Avropa İttifaqının məhz şərq qonşuları ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova onların sırasındadır.
Bolqarıstan Avropa mehriban qonşuluq siyasətinin Qara dəniz düzəninin inkişafını diqqət mərkəzində saxlayır. Bolqarıstan və Rumıniya Avropa İttifaqına qəbul ediləndən sonra Qara dəniz təkcə bu iki ölkənin deyil, həm də Avropa İttifaqının özünün sərhədinə çevrildi. Son illər, demək olar, bütün diqqətini Avropa İttifaqına və NATO-ya üzv olmağa cəmləmiş ölkəm, xarici siyasətimizdə birinci dərəcəli əhəmiyyət kəsb edən Qara dəniz regionuna daha ciddi səylər yönəltməyə başlayır.
Bolqarıstan, Rumıniya və Yunanıstan Avropa İttifaqı çərçivəsində həm üzv dövlətlər, həm də region dövlətləri kimi, habelə Avropa İttifaqında Almaniyanın sədrliyi Qara dənizə yeni regional yanaşmanın işlənib hazırlanmasına əhəmiyyətli töhfələr vermişdir. Bu yanaşma Avropa Komissiyasının yeni kommunikasiyası vasitəsilə «Qara dəniz sinergiyası - əməkdaşlığın yeni regional təşəbbüsü» adını aldı. Bu təşəbbüs regionda Avropa İttifaqının siyasətinin əlaqələndirilməsinə və region ölkələri ilə daha sıx əməkdaşlığa yönəlmişdir. Bununla bağlı əmin olduğumu bildirmək istəyirəm ki, Avropa İttifaqının yeni yanaşması, regionun bütün ölkələri, o cümlədən GUAM ölkələri ilə daha fəal və məsuliyyətli dialoqun yaranması üçün əlavə imkanlar açacaqdır.
Diqqətinizi cəlb etmək istədiyim digər cəhət iqtisadi əməkdaşlıqdır. Konkret sahələr, məsələn, enerji ehtiyatlarının Mərkəzi Asiyadan və Xəzər regionundan Avropaya və dünya bazarlarına nəql olunmasında mühüm rolunu nəzərə alaraq, energetika böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, coğrafi mövqeyimiz bizim üçün - Qara dəniz və Xəzər regionu ölkələri üçün Şərq-Qərb istiqamətində enerji ehtiyatlarının daşınmasında kombinasiya etmək imkanı yaradan üstünlükdür.
Deyildiyi kimi, ənənəvi şəkildə Bolqarıstanın GUAM-ın üzvü olan hər bir ölkə ilə ayrılıqda çox yaxşı tərəfdaşlıq münasibətləri vardır. Bu mənada Bolqarıstanın əməkdaşlıq haqqında hökumətlərarası memorandumlar əsasında Ukraynanın, Gürcüstanın, Azərbaycanın və Moldovanın Avratlantik səylərinin dəstəklənməsinə verdiyi töhfəni qeyd etmək istərdim. Bolqarıstan tərəfinin demokratik inkişaf, Avropa İttifaqı və NATO strukturlarına inteqrasiya sahəsində qazandığı təcrübə ilə bölüşməyi davam etməyə hazır olmasını təsdiqləyirəm. Əmin olduğumuzu bildiririk ki, demokratiya prinsiplərinin, qanunun aliliyinin bərqərar olması prosesi və insan hüquqlarına əməl edilməsi, təşkilatımızın inkişafının ayrılmaz hissəsi olacaqdır.
Hörmətli xanımlar və cənablar. Bir daha qeyd etmək istərdim ki, bizim anlayışımızda və ümumiyyətlə, regional aspektdə GUAM çərçivəsində əməkdaşlıq - konkret və praqmatik nəticələrə yönəlmiş təşəbbüs və layihələrin işlənib hazırlanması deməkdir. Özü də bu əməkdaşlıq Avropa və Avratlantik inteqrasiya strukturları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilir.
Çıxışımın sonunda demokratik standartların bərqərar olması və ölkələrimizin iqtisadi tərəqqisi naminə fəaliyyətində GUAM-a gələcək uğurlar arzulamaq istərdim. Bu məqsədlərə çatmaq üçün sübut olunmuş yol, heç şübhəsiz, mehriban qonşuluq və fayda gətirən qarşılıqlı əməkdaşlıqdır. Bunlar Bolqarıstanın ardıcıl surətdə tərəfdar olduğu prinsiplərdir.
Diqqətinizə görə təşəkkür edirəm.