Botanika İnstitutunun əməkdaşları Azərbaycanın şimal-şərq rayonlarında ibtidai bitkilərin monitorinqini aparıblar
Bakı, 23 iyun, AZƏRTAC
AMEA Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının əməkdaşları Şabran rayonunda alqofloranın öyrənilməsi və meşə ekosistemlərinin lixenobrioloji qiymətləndirilməsi üzrə monitorinq aparıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monitorinqin əsas məqsədi regionda antropogen təsirə məruz qalan çaylarda, göllərdə yosunların vəziyyəti və kontinental sututarlarında yayılması, regional alqofloraların ayrı-ayrı sistematik qruplarının müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olub. Şabran rayonuna təşkil edilən ekspedisiya zamanı 12 marşrut üzrə lixenofloristik və brioloji tədqiqat işləri aparılıb.
Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri Şəkər Muxtarova, biologiya üzrə fəlsəfə doktorları Sevda Alverdiyeva və Aygun Məmmədova tərəfindən Şabran rayonunun Gilvar, Sincanboyat, Gələgah, Gülənli, Budiq, Cimi, Taxtalar, Dağbirci, Zöhrami, Pirəbədil və digər kəndlərindən alqoloji, lixenoloji və brioloji nümunələr götürülüb. Nəticədə 72 nüsxə lixenoloji herbari nümunələri toplanıb. Herbari nümunələri müxtəlif tipli vələs-palıdlı, palıd-vələsli və qarışıq meşələrdə (vələs, palıd, yemişan, göyrüş, zoğal, alma, fındıq, böyürtkən) ağac və kollarında müşahidə edilib. Həmçinin 78 nüsxə brioloji herbari nümunələri toplanıb. Bioekoloji cəhətdən epifit, epilit, epigey qruplara aid növlər müşahidə edilib. Məlum olub ki, Zeyvə çayında və Sərin, İstisu, Gilvar bulaqlarında “Clorophyta”, “Cyanophyta” şöbəsinin növləri üstünlük təşkil edir. Bu növlər çox müxtəlif təqdim olunduğuna baxmayaraq, fitoplanktonda onların əksər hallarda sporadik şəkildə tək-tək saplı individumlar kimi rast gəlindiyi göstərilib. Həmçinin 26 yosun nümunələri ümumi qəbul edilmiş metodika ilə yığılıb və identifikasiya olunmaq üçün laboratoriyaya gətirilib. Əldə olunan nəticələr Azərbaycanın dəniz, su, quru ekosistemlərində yayılma yollarının müəyyən edilməsində, alqoloji və lixenobrioloji növlərin inventarlaşmasında və herbari fondunun zənginləşdirilməsində mühüm rol oynayır.