Böyük Britaniyada dənizdə ən uzun külək turbini quraşdırılıb
Qahirə, 22 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və “ScottishPower” Böyük Britaniyada dəniz külək enerjisi sektorunda rekord göstəriciyə imza atıb.
AZƏRTAC xəbər verir ki, tərəfdaşlar “East Anglia 3” layihəsi çərçivəsində ölkədə ilk dəfə olaraq qanadlarının uzunluğu 115 metr olan külək turbinini quraşdırıblar. Bu göstərici Böyük Britaniya üçün rekord hesab olunur və hər bir qanadın uzunluğu futbol meydançasından böyükdür. Məlumata görə, layihə üzrə ümumilikdə 95 turbin üçün 285 qanad hazırlanacaq.
Gücü 14 meqavat olan turbinlərin hündürlüyü təxminən 262 metrə çatır ki, bu da “The Shard” göydələninin müşahidə platformasından yüksəkdir. Turbinlərin rotor diametri isə 236 metr təşkil edir. Bildirilir ki, bir turbinin yalnız bir dövrü Böyük Britaniyada bir evin dörd gündən çox elektriklə təmin olunmasına kifayət edir.
“ScottishPower” şirkətinin icraçı direktoru Çarli Cordan bildirib ki, bu layihə şirkətlər arasında strateji tərəfdaşlığın uğurlu nəticəsidir və bərpaolunan enerji həllərinin genişmiqyaslı tətbiqini sürətləndirir. Onun sözlərinə görə, “East Anglia 3” layihəsi şirkətin portfelində ən böyük və məhsuldar dəniz külək stansiyası olacaq.
“Masdar” şirkətinin Böyük Britaniya və qlobal dəniz külək enerjisi üzrə direktoru Hussain əl-Miir deyib ki, “East Anglia 3” çərçivəsində ilk turbinin quraşdırılması mühüm nailiyyətdir. O qeyd edib ki, dəniz külək enerjisi sektoru təkcə Böyük Britaniyada deyil, ümumilikdə Avropa bazarında böyük potensiala malikdir və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, eləcə də ölkələrin təmiz enerji hədəflərinə nail olması baxımından mühüm rol oynaya bilər.
Qeyd edilib ki, İngiltərənin Suffolk sahilləri yaxınlığında yerləşən bu stansiya istismara verildikdən sonra dünyanın ən iri dəniz külək elektrik stansiyalarından birinə çevriləcək və 1,3 milyon ev təsərrüfatını təmiz enerji ilə təmin edəcək.