bp Üzeyir Hacıbəylinin misilsiz irsinin qorunmasına töhfə verib
Bakı, 17 oktyabr, AZƏRTAC
bp Azərbaycanın mədəniyyət tarixinin zirvəsində dayanan nəhəng şəxsiyyətlərdən biri, xalqın milli klassik musiqisinin və professional bəstəkarlıq məktəbinin banisi, ilk milli operanın müəllifi, görkəmli maarifçi, dramaturq və publisist Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyini Azərbaycan xalqı ilə birlikdə bayram etməkdən qürur duyur.
bp-dən AZƏRTAC-a bildirilib ki, bu əlamətdar hadisə münasibətilə bp dahi bəstəkarın misilsiz irsinin qorunmasına töhfə olan xüsusi kitablar komplektinin nəşrinə dəstək verib.
Layihə Azərbaycanın mədəni irsinin, o cümlədən onun zəngin tarixinin və əsrarəngiz sənət xəzinəsinin təbliği və tədqiqinə dəstək istiqamətində bp-nin davamlı öhdəliyini əks etdirir. Yeni nəşrlər dünən bp-nin Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbirində ictimaiyyətə təqdim olunub. Tədbirdə, həmçinin bəstəkarın şah əsərlərindən ibarət konsert proqramı da yer alıb.
Yeni təqdim olunan nəşrlər bunlardır:
∙ Üzeyir Hacıbəylinin indiyə kimi çap olunmamış əsərlərindən ibarət nəşrlər komplekti (2 kitab);
∙ Bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotoalbom;
∙ Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyi üçün məlumat kitabçası.
“Bu nəşrləri təqdim etmək bizim üçün böyük şərəfdir. Bu, Üzeyir Hacıbəylinin möhtəşəm irsinə və Azərbaycanın milli musiqisinə verdiyi əvəzsiz töhfələrə dərin ehtiramımızın ifadəsidir. Onun milli musiqimizin ruhu və nəfəsi ilə yoğurulmuş və dünya musiqi ritmləri ilə zənginləşdirilmiş, dərin sənət ustalığı və emosional dolğunluqla yaradılmış əsərləri bu gün də həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda insanları ruhlandırır. Ümid edirik ki, bu nəşrlər Üzeyir bəyin nəhəng irsinin və onun yalnız bir bəstəkar kimi deyil, həm də böyük alim və publisist kimi gələcək nəsillərin formlaşmasına zamansız təsir gücünün daim yaşamasına xidmət edəcək”, - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.
Ümumi dəyəri 127 min 560 manat (75 min 35 dollar) olan bu layihə “Azərnəşr” tərəfindən həyata keçirilib. Bu məbləğ yeni nəşrlərin toplanması, hazırlanması və çapını, həmçinin konsert proqramının təşkilini əhatə edir.