Braziliyada diplomatik xidmət orqanlarımızın 100 illiyinə həsr edilmiş tədbir keçirilib
Bakı, 7 iyun, AZƏRTAC
Braziliya Federativ Respublikasının paytaxtı Brazilia şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə və diplomatik xidmət orqanlarımızın 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Braziliya Milli Konqresinin Senat və Deputatlar Palatasından olan üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrinin, yerli KİV-lərin nümayəndələri və iş adamları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Braziliyanın dövlət himnləri səsləndirilib.
Səfir Elxan Poluxov çıxış edərək tədbir iştirakçılarına ölkəmiz və 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, 1991-ci ildə müstəqilliyini yenicə bərpa edən Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşib. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aparılan müdrik siyasət nəticəsində bu çətinliklər aradan qaldırılıb və Azərbaycan uğurlu inkişaf mərhələsinə qədəm qoyub. Bildirilib ki, Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti sayəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələrini uğurla icra edən Azərbaycan regionun lider ölkəsinə çevrilib.
Diplomat, eyni zamanda, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 il əvvəl əldə etdiyi uğurlardan danışıb.
İki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyən səfir, Braziliya Milli Konqresinin Deputatlar Palatasının prezidenti Rodriqo Maianın bu il Azərbaycana rəsmi səfərini xatırladıb. Həmçinin səfir çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq Azərbaycanın haqlı mövqeyini qonaqların nəzərinə çatdırıb.
Sonra Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun rəhbəri Klaudio Kajadonun tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyan onun nümayəndəsi Anderson Karvalho, iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etməkdə olduğunu vurğulayıb. O, intensiv qarşılıqlı səfərlərin və yüksək ticarət əlaqələrin bunun bariz nümunəsi olduğunu bildirib və iki ölkə arasında gələcək perspektivdən danışıb.
Ziyafətlə davam etdirilən tədbir çərçivəsində iştirakçılara Azərbaycan haqqında müxtəlif materiallar təqdim edilib.