“Brent”in qiyməti ötən həftəni 6 faiz, “Light” isə 2,3 faiz artımla başa vurub
Bakı, 26 oktyabr, AZƏRTAC
Keçən həftə təxminən son 6 ayın ən yüksək səviyyəsinə yaxınlaşan neft qiymətləri cari həftəyə azalma ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, ABŞ ilə İran arasında qarşıdurmanın zəifləyə biləcəyinə dair gözləntilər həftənin ilk ticarət günündə neft qiymətlərinin aşağı düşməsinə səbəb olub. Səudiyyə Ərəbistanında davam edən hücumlar isə qlobal enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırmaqda davam edir. “Brent” markalı xam neftin bir barelinin qiyməti isə 1,28 faiz azalaraq 115 dollar, “Light”ın qiyməti isə 1,66 faiz azalaraq 101 dollar səviyyəsindədir.
Ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanına hücumların davam etməsi enerji təchizatında fasilələrlə bağlı narahatlıqları artırsa da, investorlar əvvəlki həftəki kəskin bahalaşmadan sonra mənfəət götürməyə üstünlük veriblər. Husilərin Səudiyyə Ərəbistanına hücumlarının enerji təchizatında fasilə yaranması ilə bağlı narahatlıqları artırması nəticəsində neft qiymətləri cümə günü təxminən 3 dollar bahalaşmışdı.
Həftəsonu da hücumlar davam edib. Husilər şənbə günü Səudiyyə Ərəbistanındakı hava limanını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar. “Petroline” adı ilə tanınan Şərq–Qərb neft kəmərinin xam neft nasos stansiyalarına pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edildiyini bildirilib. Şərq–Qərb neft kəməri Səudiyyə Ərəbistanının ən mühüm xam neft nəqli marşrutlarından biridir. Tamamilə ölkə ərazisində yerləşən kəmər xam nefti şərqdəki hasilat və emal mərkəzlərindən Qırmızı dəniz sahilindəki neft emalı zavodlarına və ixrac terminallarına daşıyır. “Petroline” Səudiyyə Ərəbistanına nefti Hörmüz boğazından dəniz yolu ilə keçirmədən Qırmızı dənizə çatdırmaq imkanı verən alternativ quru marşrutudur.
Səudiyyə Ərəbistanı isə bazar günü daha çox sayda raket və pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirib.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı əvvəlki hücum dalğası nəticəsində yaranmış zərərdən sonra bazar günü əsas hava limanında fəaliyyətini qismən bərpa edib. Husilər isə obyekti hədəf almağa davam edəcəklərini bəyan ediblər.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı regiondakı təchizat zəncirinin dayanıqlığını artırmaq məqsədilə 2027-ci ilin ikinci yarısından etibarən Sinqapurda xam neft ehtiyatları saxlamağa başlayacaq. Bu barədə iki ölkənin energetika nazirləri bazar ertəsi günü məlumat veriblər.
Bundan başqa, ABŞ-nin Energetika Nazirliyi Luiziana ştatındakı neft emalı zavodunda yaranmış təchizat fasiləsini aradan qaldırmaq məqsədilə strateji neft ehtiyatından 400 min barel neftin bazara çıxarılmasına icazə verildiyini açıqlamışdı.