DÜNYA
Britaniyada partiya lideri: “Brexit” gözlənilən nəticəni vermədi
London, 28 noyabr, AZƏRTAC
Böyük Britaniyada müxalifətdə olan Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok “Brexit”in gözlənilən nəticələr vermədiyini etiraf edib.
AZƏRTAC xəbər verir ki, o, əvvəlki hökumətin ölkənin sərbəst hərəkət rejiminə son qoymaq üçün verdiyi vədləri yerinə yetirmədiyini bildirib: "Mənim rəhbərliyim altında biz səhvlərimizdən dərs alırıq",- deyə partiya lideri qeyd edib.
K.Badenok mövcud sistemin tamamilə sıradan çıxdığını vurğulayıb. O, cümə axşamı açıqlanacaq miqrasiya göstəriciləri haqqında da danışıb:
"Sabahkı göstəricilər, böyük ehtimalla, net miqrasiya səviyyəsində azalma olduğunu göstərəcək və şübhəsiz ki, Leyboristlər hökuməti bu azalmaya görə özünü tərifləyəcək. Lakin bu dəyişiklik Mühafizəkarlar Partiyasının hakimiyyətdə olduğu son aylarda həyata keçirdiyi islahatların nəticəsidir",- deyə partiya lideri qeyd edib.
O bildirib ki, sərbəst hərəkət rejiminə son qoyulsa da, lakin onu əvəz edən sistem işləmir. K.Badenok Böyük Britaniyaya gələnlərin sayına sərt limit tətbiq edəcəyinə və qeyri-qanuni miqrasiyaya qarşı sıfır tolerantlıq siyasətini həyata keçirəcəyinə söz verib.