BRUNEY SULTANI 60 İLLİYİNİ İCTİMAİ MARAFONDA İŞTİRAKLA QEYD ETDİ
Dövlətin paytaxtı Bandar Sri Beqavanın küçələrində keçirilən idman qaçışının startına monarxın 17 min təbəəsi çıxmışdır.
Paytaxt bələdiyyəsinin başçısı Məhəmməd Norodin demişdir: “Biz Zati-alilərini qaçışda iştiraka ona görə dəvət etdik ki, idman tədbirləri sultanın asudə vaxtını keçirməsinin sevimli növlərindən biridir. O, həmvətənlərdən ibarət komandaya başçılıq etmək dəvətinə məmnuniyyətlə cavab verərək, idman qaçışına, yürüşünə və turizmə çox diqqət yetirməkdə əhaliyə nümunə göstərdi”.
Onun sözlərinə görə, sultan öz yaş qrupu üçün əla nəticə göstərərək, 3,8 kilometr məsafəni 26 dəqiqəyə qət etmişdir.
Bruney-Darüssalam Cənub-Şərqi Asiyanın ən kiçik dövlətlərindən və dünyada azsaylı mütləq monarxiyalardan biridir. Sahəsi cəmi 5270 kvadratkilometr, əhalisi isə təxminən 380 min nəfərdir. İndiki dövlət başçısı 1967-ci ildə taxta çıxmışdır və Bruneyi son 600 il ərzində idarə etmiş sülalənin nümayəndəsidir.
Həssənal Bolkiah hökumət başçısı, müdafiə və maliyyə nazirləri vəzifələrini tutur, milli silahlı qüvvələrin Ali baş komandanı və sultanlığın ruhani lideridir.
Bruney sultanı dəbdəbəli “Rolls-Roys” və “Ferrari” idman maşınlarının, habelə idman təyyarələrinin və qitələrarası təyyarələrin dünyada ən yaxşı kolleksiyalarından birinin sahibidir.