Brüsseldə keçirilən Avropa Xəbər Agentlikləri Alyansının konfransı başa çatıb
Brüssel, 5 may, AZƏRTAC
Brüsseldə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı keçirilib. AZƏRTAC-ın xəbər verdiyi kimi, konfrans Belçikanın “Belga” informasiya agentliyinin təşkilati dəstəyi ilə keçirilib və 2008-ci ildən bəri təşkilata üzv olan AZƏRTAC da tədbirdə fəal iştirak edib.
Bu il forumun əsas mövzusu süni intellekt dövründə xəbər agentliklərinin əqli mülkiyyətdən istifadə hüquqları üzrə məsələlər olub.
Nümayəndələrin çıxışları informasiya bazarına xəbərlər, foto və videomateriallar və mətnlərin çıxarılması zamanı birgə gəlirlərin əldə edilməsi, gələcəkdə xəbər agentliklərinin fəaliyyətində əqli mülkiyyətin istifadəsi mexanizmlərinin işlənib hazırlanmasının maliyyələşdirilməsi, media biznesində sponsorluq və investisiyalara həsr olunub.
Konfrans çərçivəsində xəbər agentlikləri və özəl media strukturları arasında bir sıra müqavilələr imzalanıb.
Bu ilin payızında Parisdə EANA-nın Baş Assambleyası keçiriləcək.
Qeyd edək ki, EANA 1956-cı ildə Strasburqda təsis edilib. Dünya informasiya siyasətinə böyük təsiri olan bu media təşkilatı öz sıralarında Avropanın 32 qabaqcıl xəbər agentliyini birləşdirir. “France Press” (Fransa), “Press Associated” (Böyük Britaniya) , “Anadolu” (Türkiyə), APA (Avstriya), DPA (Almaniya), EFE (İspaniya) və digər informasiya agentlikləri bu təşkilatın üzvüdür. Postsovet ölkələri arasında yalnız AZƏRTAC, TASS (üzvlüyü müvəqqəti dayandırılıb) və “Ukrinform” EANA-ya daxil olub.
Brüssel