BSU-da “Heydər Əliyev İli” çərçivəsində keçirilən beynəlxalq elmi-praktik konfrans başa çatıb
Bakı, 5 iyun, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) ev sahibliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun tərəfdaşlığı və “Müasir Azərbaycan psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil edilən “Psixologiya Zirvəsi-2 “COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifah” mövzusunda beynəlxalq elmi-praktik konfransın bağlanış mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov konfransın yüksək səviyyədə keçdiyini söyləyib və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
İkigünlük beynəlxalq konfransda yerli və beynəlxalq tədqiqatçılar, məruzəçilər, alimlər və təhsil işçiləri iştirak ediblər. Konfransın bölmələrində 13 məruzə dinlənilib, 2 vorkşop keçirilib.
Konfransda seçilmiş məqalələr “Psixologiya” jurnalında çap olunacaq.