Bu il 211 turizm şirkəti və 259 mehmanxanada monitorinq aparılıb
Bakı, 28 dekabr, AZƏRTAC
Turizm şirkətləri və mehmanxanalarda xidmət səviyyəsinin, maddi-texniki bazanın yoxlanılması, mövcud problemlərin aradan qaldırılması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, il ərzində Bakı şəhərində fəaliyyət göstərən 211 turizm şirkətində və 128 mehmanxanada, həmçinin regionlarda fəaliyyət göstərən 131 mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər keçirilib. Monitorinqlər zamanı mehmanxanalarda təhlükəsizlik, infrastruktur, mətbəx və restoran bölməsi, işçilərin peşə hazırlığı, turizm şirkətlərində isə bağlanan müqavilələr, işçilərin bilik bacarıqları və iş təcrübələri, göstərdikləri xidmətlər yoxlanılıb.
Nazirliyin əməkdaşları tərəfindən turizm şirkətləri və mehmanxanalara xidmətin yaxşılaşdırılması məqsədilə müvafiq tövsiyələr verilib, ciddi nöqsan aşkar edilmiş obyektlərdə çatışmazlıqların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.
Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı ölkəmizə çoxlu sayda turistin gələcəyi gözlənilir. Bu baxımdan nazirliyin keçirdiyi monitorinqlər mühüm əhəmiyyət daşıyır.
Monitorinqlərin 2015-ci ildə də davam etdirilməsi nəzərdə tutulur.