Bu il Lyublyanada Mehdi Hüseynzadənin xatirə abidəsi ucaldılacaq
Lyublyana, 17 fevral, AZƏRTAC
Lyublyana şəhərinin meri Zoran Jankoviç AZƏRTAC-ın əməkdaşlarına müsahibəsində deyib ki, bu il şəhərdə Sovet İttifaqı qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin xatirə abidəsi ucaldılacaq.
Mer müsahibəsində Azərbaycana səfərindən danışıb, bu səfərin onda dərin təəssüratlar yaratdığını söyləyib. Azərbaycanın son 10 ildə sürətlə inkişaf etdiyini söyləyən Zoran Jankoviç Heydər Əliyev Mərkəzinin, Dənizkənarı Bulvarın gözəlliyinin onu heyran etdiyini vurğulayıb. Bakının təmiz, səliqəli şəhər olduğunu deyən mer şəhərdə Avropa Oyunları üçün tikilən Olimpiya kəndində də olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın yaxşı inkişaf perspektivlərinin olduğunu bildirib.
Mer Azərbaycanda xalq ilə dövlət başçısı arasında qırılmaz bağlılığın şahidi olduğunu söyləyib. O, səfər zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığını bildirib.
Zoran Jankoviç Qəbələyə də səfər etdiyini, burada turizm obyektləri, istehsal və emal müəssisələri ilə tanış olduğunu diqqətə çatdırıb. Bildirib ki, Qəbələdəki meyvə şirələri zavodu Lyublyanadakı eyni müəssisələrdən beş dəfə çox istehsal gücünə malikdir.
Son vaxtlar Azərbaycandan Sloveniyaya gələn turistlərin sayının artdığını söyləyən mer azərbaycanlı investorları ölkəsinə sərmayə yatırmağa dəvət edib. O deyib: “Biz qarşılıqlı investisiya layihələrindən faydalana bilərik. Sloveniyada əlverişli investisiya mühiti var. Lyublyana Avropanın yaşıl şəhəri hesab olunur”.
Mer Azərbaycan iqtisadiyyatının neftdən asılılığının getdikcə azalmasının təqdirəlayiq hal olduğunu bildirib, görülən işlər nəticəsində 2020-ci ilə qədər bu asılılığın tam aradan qaldırılacağına əminliyini ifadə edib.