Budapeştdə təşkil olunacaq yay məktəbinə qəbul başlanıb
Bakı, 7 aprel, AZƏRTAC
Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) Budapeştdə yerləşən International Business School-da (Beynəlxalq Biznes Məktəbi) təşkil olunacaq yay məktəbi üçün iştirakçı qəbuluna başlayıb.
MAGB-dan AZƏRTAC-a verilən məlumata görə, iyulun 5-dən 19-dək keçiriləcək yay məktəbi hər biri 45 dəqiqə davam edən 50 ingilis dili dərsindən ibarətdir. Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir. İştirakçılar üçün maarifləndirici-əyləncəli proqram - muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə Macarıstanın tarixi yerlərinə ekskursiyalar da təşkil olunacaq. Tələbələr International Business School-un kampusunda yerləşən yataqxanada qalacaq və gündə üç dəfə yeməklə təmin ediləcəklər.
Bütün bunlar üçün ali məktəbə cəmi 1000 avro ödəniş edilməlidir. Budapeştə gediş və gəliş, eləcə də viza xərcləri həmin məbləğə daxil deyil və iştirakçı tərəfindən ödənməlidir.
Kursda iştirak etmək istəyənlər ümumvətəndaşlıq pasportunun (xarici pasportun) əsas iki səhifəsinin (foto və imza olan) surətini [email protected] ünvanına göndərməlidirlər. Hazırda xarici pasportu olmayanlar şəxsiyyət vəsiqələrini də göndərə bilərlər. Sənədləri göndərmək üçün son tarix 30 aprel 2015-ci ildir və yerlər məhduddur.
Xatırladaq ki, MAGB Macarıstanda yaşayan gənc azərbaycanlı və macar fəalların təşəbbüsü ilə 2012-ci ilin dekabrında yaradılıb. Təşkilatın məqsədi iki ölkənin gəncləri arasında inteqrasiyaya kömək etməkdir.