QAN YADDAŞI
Budapeştdə Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram VİDEO
Budapeşt, 26 fevral, AZƏRTAC
Budapeştdə Azərbaycanın Macarıstandakı diplomatik nümayəndəliyinin binası qarşısında səfirliyin əməkdaşları tərəfindən Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş guşə açılıb.
AZƏRTAC xəbər verir ki, Macarıstan paytaxtının sakinlərinin və qonaqlarının diqqətinə vizual materiallar təqdim edilib. İştirakçılar guşə önünə qərənfil qoyublar, şam yandırıblar.
Guşənin açılış mərasimində Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə, səfirliyin əməkdaşları, Macarıstanda təhsil alan tələbələrimiz, diaspor nümayəndələrimiz iştirak ediblər.
Xocalı qətliamının qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra guşənin açılış mərasiminin iştirakçılarının diplomatik nümayəndəliyin əməkdaşları ilə görüşü səfirliyin akt zalında davam etdirilib.
Görüş iştirakçıları Ermənistan hakimiyyəti və xalqı tərəfindən Xocalı faciəsinə görə məsuliyyətin qəbul edilməsinin əhəmiyyəti, bu sahədə beynəlxalq təcrübə, Azərbaycan - Ermənistan arasında mümkün barışıq prosesi, regionumuzun gələcək inkişaf perspektivləri, eləcə də Ukrayna ətrafında davam edən gərginlik barədə fikir mübadiləsi aparıblar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt