Bugünkü qüdrətli Azərbaycan Heydər Əliyevin dövlətçilik ideyaları əsasında formalaşıb
Bakı, 13 aprel, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Liderin etik-psixoloji xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Seminarda institutun baş direktoru professor İlham Məmmədzadə Azərbaycanda gedən köklü islahatların çoxtərəfli istiqamətlərinə nəzər salaraq, Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb.
Professor qeyd edib ki, Ulu Öndərin müdrik dövlətçilik siyasəti, idarəetmə təcrübəsi, zəngin mənəvi irsi və gələcək nəsillərə ötürdüyü ideyalar yalnız ölkəmizdə deyil, xarici ölkələrdə də gələcək tədqiqatlar üçün aktual mövzulardandır. Həmçinin bugünkü qüdrətli Azərbaycanın Heydər Əliyevin dövlətçilik ideyaları əsasında formalaşmasını şərh edən İlham Məmmədzadə Ulu Öndərin mənəvi irsinin və dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
“Ulu Öndər Heydər Əliyev çağdaş tariximizə müstəqil dövlətimizin xilaskarı kimi şanlı səhifə yazıb. Milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib”, - deyə İlham Məmmədzadə qeyd edib.
Sosial psixologiya şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Ali Baş Komandan İlham Əliyevin siyasi, etik, psixoloji xüsusiyyətləri” mövzusunda çıxış edib. Bildirib ki, zaman keçdikcə gələcək nəsillər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük Qələbəyə doğru aparan yolda nümayiş etdirdiyi fədakarlığı, xalqın, dövlətin mənafeyi naminə atdığı addımları dərindən təhlil edəcək, onun liderliyi ilə keçilən yolun hər addımından qürur duyacaqlar”.
Daha sonra professor Adil Əsədov, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, filologiya elmləri doktoru Afaq Əsədova mövzu ətrafında çıxış edərək fikir mübadiləsi aparıblar.