Cari ildə 72 turizm şirkətinə lisenziya verilib
Bakı, 18 dekabr, AZƏRTAC
Vətəndaşların məmnunluğunun və rahatlığının təmin edilməsi, şəffaflığın artırılması və yeni texnologiyaların tətbiqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm və mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması və müraciətlərin edilməsi üçün nazirliyin rəsmi internet səhifəsində xüsusi portal (http://www.e-services.mct.gov.az) yaradılıb. Bu portal vasitəsilə turizm fəaliyyətinə xüsusi razılıq alınması üçün edilən müraciətlərə baxılaraq, lisenziyaların rəsmiləşdirilməsi həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2014-cü il ərzində 72 turizm şirkətinə lisenziya verilib. Bununla da turizm fəaliyyətinə xüsusi razılıq almış şirkətlərin sayı 276-ya çatıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayında 14,5 faiz artım müşahidə olunur. Bu da ölkəmizdə turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasının, sahibkarların bu sahəyə marağının artmasının və turizmin davamlı olaraq inkişafının göstəricisidir.
Cari ildə turizm şirkətlərində çalışan işçilərin sayı təqribən 1600 nəfər olub.
Turizm şirkətləri ilk növbədə Azərbaycan Turizm Assosiasiyası və bu ildən fəaliyyət göstərən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi, həmçinin Azərbaycan Konqreslər Bürosu ilə sıx əməkdaşlıq edir.