İQTİSADİYYAT
Cari ilin 8 ayında Azərbaycanda yaşıl enerji istehsalı artıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Cari ilin ötən 8 ayı üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən yanvar-avqust aylarında respublikada elektrik enerjisinin istehsalı 19 235,4 milyon kVt/saat olub.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə 8 ay ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 16 463,6 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 2 138,4 milyon kVt/saat, digər mənbələr üzrə isə 633,4 milyon kVt/saat təşkil edib.
Bu dövrdə külək elektrik stansiyalarında 37,9 milyon kVt/saat, günəş elektrik stansiyalarında 424,3 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 milyon kVt/saat) nisbətən 1 240,7 milyon kVt/saat artaraq 2 771,8 milyon kVt/saat təşkil edib.
Bu müddətdə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 16 975,0 milyon kVt/saat (İES-lərdə 14 989,0 milyon kVt/saat, SES-lərdə 1 986,0 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 334,5 milyon kVt/saat (İES-lərdə 151,7 milyon kVt/saat, SES-lərdə 139,7 milyon kVt/saat, Günəş ES-də 43,1 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,5 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 897,4 milyon kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 milyon kVt/saat, idxalı isə 125,5 milyon kVt/saat olub.
Qeyd edək ki, cari ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 966,3 milyon kVt/saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 338,0 milyon kVt/saat, idxalı isə 13,4 milyon kVt/saat təşkil edib.