“Caspian Energy Club” ilk dəfə “Online Business Tour” təşkil edib
Bakı, 12 avqust, AZƏRTAC
“Caspian Energy Club” ilk dəfə “Online Business Tour” təşkil edib. “Online Business Tour” çərçivəsində Caspian Energy Club üzvləri “Delta Qrup C.O.” şirkətinin “Çörəkçi” istehsalat kompleksin virtual olaraq ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Delta Qrup C.O.” MMC - nin İcraçı Direktoru İlkin Şabanov biznes-tur iştirakçılarına interaktiv formatda müəssisənin yaranma tarixi, əməkdaş balansı, fəaliyyət istiqamətləri və gələcək planları barədə məlumat verib. Əsas və mühüm fəaliyyət sahələrindən biri olan yerli istehsal üzrə daha ətraflı məlumat təqdimi məqsədilə müəssisə direktoru öz bələdçiliyi ilə iştirakçılar üçün “Çörəkçi” istehsalat müəssisəsinə onlayn vizual tur təşkil edib. Tam avtomatlaşdırılmış şəkildə insan əli dəymədən, bütün sanitar-gigiyenik norma tələblərinə əməl olunan, kritik nəzarət nöqtələri müəyyənləşdirilən və daim nəzarət olunan, qabaqlayıcı və tənzimləyici fəaliyyətlərin idarə olunduğu, istehsal kompleksində xammal mərhələsindən hazır məhsul mərhələsinə qədər ki, proses kompleks şəkildə İlkin Şabanov tərəfdən şərh olunub.
Virtual tura paralel olaraq “Caspian Energy Club” üzvləri “Delta Group C.O.”nun icraçı direktoru İlkin Şabanov ilə görüşüblər. O, “Online Business Tour” iştirakçılarının suallarını cavablandırıb, tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Caspian Energy Club” iştirakçıları üçün təşkil olunan və artıq xoş ənənəyə çevrilən biznes-turlar Azərbaycan istehsalçılarının məhsullarına münasibəti dəyişib. Bizim fikrimizcə, bu, biznes-turların təşkili çərçivəsində “Caspian Energy Club”un fəaliyyətinin ən əsas və müsbət nəticəsidir”, - deyə Telman Əliyev söyləyib.
Telman Əliyev qeyd edib ki, “Caspian Energy Club” ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. İlin əvvəlindən 10-a yaxın biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə, “Gazelli Group” kosmetika şirkətinin fabrikinə, “Debet Safety” şirkətinin fabrikinə, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində İnnovasiyalar Mərkəzinə, Qida Təhlükəsizliyi İnstitutuna, Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinə və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.