“Caspian European Club” növbəti dəfə “Online Round Table” keçirib
Bakı, 20 iyul, AZƏRTAC
“Caspian European Club”un "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllının iştirakı ilə təşkil etdiyi “Online Round Table” çərçivəsində COVID-19 pandemiyası dövründə sahibkarların ASC ilə əməkdaşlıq üzrə sual və təklifləri müzakirə olunub. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bu barədə AZƏRTAC-a “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
İki saatdan artıq davam edən “Online Round Table”də A.Cəbrayıllı istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən, iqlim dəyişikliklərinin su ehtiyatlarına, o cümlədən əhalinin içməli su ilə təminatına təsirləri barədə məlumat verib.
A.Cəbrayıllı vurğulayıb ki, son illər Prezident İlhamə Əliyevin rəhbərliyi ilə içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr icra olunub. Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan kanalının və Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin, eləcə də Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Abşeron yarımadasının, o cümlədən Bakı şəhərinin dayanıqlı su təminatına imkan yaradıb. Bu layihələr dolayısı ilə regionda yaşayan insanların (Şirvan, Salyan, Biləsuvar, Sabirabad, Saatlı şəhərləri və bəzi kəndlərin sakinlərinin) keyfiyyətli içməli suya çıxışlarını təmin edib.
O, son dövrlər müşahidə olunan quraqlıq nəticəsində bəzi bölgələrdə içməli su mənbələrində məhsuldarlığın azaldığını və bu səbəbdən Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Lerik şəhərləri üçün alternativ mənbələrin yaradıldığını diqqətə çatdırıb. A.Cəbrayıllı belə şəraitdə hər bir kəsin içməli sudan qənaətlə istifadə etmələrini, digər məqsədlərlə istifadə olunan suya xüsusi diqqət yetirilməli olduğunu iştirakçıların diqqətinə çatdırıb.
“Azərsu” rəsmisi “Caspian European Club”un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb, onların təkliflərini dinləyib və bütün məlumatları ASC-nin rəhbərliyinə çatdıracağına söz verib.
“Caspian European Club”un sədri və baş icraçı direktoru T.Əliyev deyib: “Bu gün olduqca qızğın debatlar getdi, maraqlandığımız bir çox suallara cavab aldıq və problemlərin əksəriyyətinin öz həllini tapacağı tədbirlər dairəsini müəyyənləşdirdik. Məhz buna görə biznes nümayəndələrinin sual və təkliflərini operativ müzakirə etmək üçün “Caspian European Club” ilə “Azərsu” ASC arasında birgə işçi qrupun yaradılması barədə qərar qəbul etdik”.
Xatırladaq ki, “Online Round Table” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların problem və təkliflərinin müzakirəsi üçün “Caspian European Club” tərəfindən yaradılıb.
Sıralarında 50 ölkədən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda təsis olunub. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian European Club”un əsas məqsədi Azərbaycanda və qurumun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma rolunu oynayan “Caspian European Club” mütəmadi olaraq “CEO Brunch”, “CEO Lunch”, “Business Tour” və sair kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.