Cavid Qurbanov: Horadiz-Ağbənd dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Horadiz-Ağbənd dəmir yolu xəttinin 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Dəmir yolu xəttinin tikintisinin 2022-ci ilin sonuna kimi yekunlaşdırılmasının planlaşdırıldığını vurğulayan C.Qurbanov bildirib: “Xətt 11 kilometr uzadılıb. Artıq 40 kilometrlik torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri də gedir. Paralel olaraq minalardan təmizlənmə işləri də aparılır. Bu ilin sonuna qədər yəqin ki, 50 kilometrlik iş yekunlaşacaq”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri bildirib: “Horadiz-Ağbənd dəmir yolu xəttinin Naxçıvandakı dəmir yolu xətti ilə birləşdirilməsinə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlar nəticə verdikdən - kommunikasiyaların açılmasına dair razılıq əldə olunduqdan sonra başlanıla bilər. Ermənistanın dəmir yolları 2038-ci ilə qədər Rusiyanın idarəetməsində olacaq. Hesab edirəm ki, gələcəkdə bu müddət uzadılacaq”.