Cefri Verbok: “Kamançada ilk dərsim 50 il əvvəl olub”
Bakı, 26 oktyabr, AZƏRTAC
“Mən 50 il əvvəl Azərbaycanın musiqisini və mədəniyyətini təbliğ etməyə başladım. Kamançada ilk dərsim 50 il əvvəl olub”.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində amerikalı musiqiçi Cefri Verbok söyləyib.
“Ondan altı ay sonra bir dostum mənə musiqi çox maraqlı ifa etdiyimi, Los-Anceles Kaliforniya Universitetinə getməyimi istədiyini söylədi. Orada musiqiləri həm ifa, həm də izah edirdim. Mənim üçün çox rahat olduğunu gördüm, hər il başqa yerlərə, başqa məkanlara getdim. Amma sadəcə kollec və universitetlərdə, yəni, akademiklərin, savadlı insanların qarşısında ifa edir və izahat verirdim. Yavaş-yavaş bunun çox gözəl proqram olduğunu öyrəndim. Tədbirlərdə həm daha yaxşı ifa edir, həm də insanlar qarşısında necə danışmağın lazım olduğunu öyrənirdim. Ona görə də Azərbaycan muğamını ilk dəfə qulaq asanların başa düşə bilməsi üçün bu xüsusi proqramı yaratmışam. Muğam bizim üçün çox mürəkkəb, dərin, bir az müəmmalı və möcüzəlidir”, - deyə o bildirib.
Amerikalı musiqiçi Azərbaycan muğamının ona güclü təsir etdiyini deyib:
“Buna görə də mən Azərbaycan musiqisini yavaş-yavaş öyrəndim və buraya gəldim. İlk dəfə ölkənizə 1989-cu ildə gələndə Azərbaycan dilində heç danışa bilmirdim. Evimə qayıdanda fikirləşdim ki, bu dili məcburi olaraq öyrənməliyəm. O vaxtlar məktəb, müəllim, sinif, lüğət yox idi. Bu dili özüm başa düşdüm. Mən burada yaşamışam, həm də istirahət üçün qonaq kimi gəlirəm”.
C.Verbok Azərbaycan muğamının növlərinin çox olduğunu xatırladıb: “Bəzən Şur, başqa vaxt Çahargah, Segah, Bayatı-Şiraz, Şüştər ifa etmək həvəsi gəlir. Yəni, ürəyimin yolu necədirsə onu ifa edirəm”.
Xatırladaq ki, oktyabrın 25-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə oktyabrın 25-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Azərbaycan-Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib.