REGİONLAR
Cəlilabadda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Cəlilabad, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Anım tədbirində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirib.
Sonra tədbir iştirakçıları “Bir gəncin qəhrəmanlıq salnaməsi” tamaşanı izləyiblər.
Bakı vaxtı ilə saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.