Cəlilabadda Novruz şənliyi böyük coşqu ilə qeyd olunub
Cəlilabad, 15 mart, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadda Novruz bayramı münasibətilə ümumrayon şənliyi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram şənliyində xalqımızın qədim ənənələrini, milli dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlar quraşdırılıb, həmçinin məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri, idman məktəblərinin nümunəvi çıxışları nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov sakinləri, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri bahar bayramı münasibətilə təbrik edib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda Novruz bayramının böyük coşqu ilə qeyd edildiyini vurğulayıb.
Heydər Əliyev Seyrəngahında alovlandırılan bayram tonqalı ətrafında rayonun incəsənət ustalarının və mədəniyyət kollektivlərinin iştirakı ilə konsert nümayiş etdirilib.