Cəlilabadda şəhid baş leytenant Elçin Ağayevin xatirəsi anılıb
Cəlilabad, 7 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 7-də Cəlilabad rayonunun Günəşli kəndində Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu, baş leytenant Elçin Ağayevin doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.
Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid baş leytenant Elçin Ağayevin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Qeyd olunub ki, Azərbaycan Ordusunun baş leytenantı Elçin Ağayev Vətən müharibəsinin ilk günlərindən bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib.
Elçin Ağayev oktyabrın 6-da şəhid olub. Onun nəşi doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Diqqətə çatdırılıb ki, Elçin Zakir oğlu Ağayev 1993-cü il iyulun 7-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, 2010-cu ildə orta məktəbi bitirib və Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini başa vuraraq peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.
E.Ağayev Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin 2 qız və 1 oğlan övladı yadigar qalıb. Onun şəhidliyindən sonra dünyaya gələn qız övladına Şuşa adı qoyulub.