REGİONLAR
Cəlilabadın kəndlərində elektrik təsərrüfatı yenilənir
Cəlilabad, 21 may, Bağır Əliyev, AZƏRTAC
“Azərişıq” ASC Cəlilabad rayonunda bir sıra kəndlərin elektrik təsərrüfatında yenidənqurma işlərinə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə ilkin olaraq Cəlilabadın Boyaxanlı inzibati ərazi nümayəndəliyinə daxil olan 7 kəndi və bir sərhəd zastavasını əhatə edəcək.
Yenidənqurma işləri çərçivəsində yaşayış məntəqələrini əhatə edən yüksəkgərginlikli, eləcə də kənddaxili elektrik dirəkləri və elektrik naqilləri tamamilə yenidən qurulacaq.
Yaşayış məntəqələrini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə rayonun kənlərində yeni transformatorlar və smart tipli sayğaclar quraşdırılacaq.
Qeyd edək ki, Cəlilabad rayonunun Boyaxanlı kəndindəki elektrik təsərrüfatı ötən əsrin 60-cı illərində qurulub. İndiyədək kəndin elektrik təsərrüfatında yalnız cari təmir işləri görülüb.