Cəmiyyətin hazırkı sığorta məlumatlılıq səviyyəsi qənaətbəxş deyil - ŞƏRH
Bakı, 28 noyabr, AZƏRTAC
Cəmiyyətdə sığortaya etimad hələ də istənilən səviyyədə deyil. ASA vətəndaşların sığortaya münasibətini dəyişmək üçün hansı maarifləndirici layihələr üzərində işləyir? Bu gün cəmiyyət arasında sığorta vərdişlərinin formalaşması, sığorta savadlılığının artması tədricən və mərhələli şəkildə həyata keçirilir. Hazırkı sığorta məlumatlılıq səviyyəsini qənaətbəxş hesab etmirik.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib.
O qeyd edib ki, “Sığorta savadlılığının artırılması maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memoranduma əsasən, ümumrespublika səviyyəsində genişmiqyaslı sığorta maarifləndirilməsi tədbirləri həyata keçiririk.
“Bu tədbirlər əsasən, həm açıq, həm də qapalı məkanlarda sığorta təşviqatı ilə, o cümlədən, media kanalları vasitəsilə, həmçinin sığorta festivalları və digər kütləvi sektorial tədbirlər ilə təşkil olunur. Həyata keçirilən aktual sektorial islahatlarla yanaşı, həm də aparılan bu maarifləndirmə işlərinin uğurlu nəticəsidir ki, artıq 5-ci ildir sığorta bazarımızda davamlı artım və böyümə tendensiyası müşahidə olunur. Rəqəmlərə nəzər salsaq görərik ki, yerli sığorta bazarı 2021-ci ildə 16 faiz, 2022-ci ildə 18 faiz, 2023-cü ildə 26 faiz, 2024-cü ildə isə 11 faiz böyüyüb və bu böyümə proqnozlarımıza görə cari ildə də davam edəcək. İstənilən fəaliyyət istiqamətində nəticəyönümlülük baxımından davamlılıq vacib rol oynayır. Məhz bu məqamı nəzərə alaraq deyə bilərik ki, sığorta sektorunda da maarifləndirmə tədbirlərinin davamlılığı orta və uzunmüddətli perspektivdə öz müsbət nəticələrini daha aydın göstərə biləcək. Elə bu səbəblə də sığorta sektoru olaraq maarifləndirmə tədbirlərini 2026-cı ildə də aktiv və sistemli əsaslarla davam etdirəcəyik. Hesab edirik ki, bu davamiyyət də öz növbəsində sığorta sektoru üzrə 2026-cı ilə dair icmal göstəricilərində böyümə tendensiyası ilə müşayiət olunacaq”, - deyə E.Mirsalayev qeyd edib.