Cenevrədə Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş sərgi keçirilir
Vyana, 2 aprel, AZƏRTAC
Cenevrədə Millətlər Sarayında 2 Aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi, BMT-nin Cenevrə Ofisi, Cenevrədə yerləşən “All Special Kids” qeyri-hökumət təşkilatı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan sərgidə autizm sindromlu şəxslərin, o cümlədən uşaqların rəsm əsərləri və əl işləri nümayiş olunur.
Sərginin açılışında BMT-nin Cenevrə Ofisinin baş direktoru xanım Tatiana Valovaya Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən T.Valovaya autizm sindromu haqqında ictimaiyyətin məlumatlandırılması, autizmin xəstəlik deyil, bir fərqlilik olmasının çatdırılmasının vacibliyinə toxunaraq, autizmli şəxslərin xüsusi qeyri-adi istedada malik olduqlarını və böyük nailiyyətlərə imza atmaq imkanında olduqlarını diqqətə çatdırıb.
Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov qeyd edib ki, son illərdə autizm haqqında məlumatlılığın və qəbulun artırılması istiqamətində mühüm irəliləyişlər əldə edilməsinə baxmayaraq, autizmli şəxslərin hüquq və azadlıqlarının tam şəkildə müdafiə edilməsində müxtəlif maneələr mövcuddur. Səfir Q.İsrafilov autizmli şəxslərin rifahının yaxşılaşdırılması, onların cəmiyyətlərinə verdiyi dəyərli töhfələrinin tanınması, habelə inklüziv cəmiyyətlərin inkişaf etdirilməsində incəsənətin mühüm rol oynadığını söyləyib.
“All Special Kids” təşkilatının rəhbəri Cenifer Hollovay təmsil etdiyi qurum barədə məlumat verərək autizmli və xüsusi təhsil ehtiyacları olan uşaqlar, yeniyetmələr və gənclərin sosial və psixoloji reabilitasiyasına ictimaiyyətin diqqətinin artırılmasının, onlar üçün qayğıkeş mühitin təmin edilməsinin xüsusi əhəmiyyətindən bəhs edib.
Açılışdan sonra iştirakçılar üçün ziyafət təşkil olunub. Sərgi aprelin 9-dək davam edəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana