CƏNUBİ QAFQAZDAKI MAHİYYƏTCƏ EYNİ MÜNAQİŞƏLƏRƏ MÜNASİBƏT DƏ EYNİ OLMALIDIR
Rusiyanın İTAR-TASS agentliyinin və Gürcüstanın “Georgia Times” nəşrinin bu yaxınlarda xəbər verdiyi kimi, ABŞ dövlət katibinin köməkçisinin müavini Mətyu Brayzə Birləşmiş Ştatların paytaxtında Gürcüstan jurnalistinin sualına cavab verərək bildirmişdir ki, Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlıq barədə yanvarın 9-da imzalanmış xartiyada Cənubi Osetiya və Abxaziya münaqişəsinin yalnız Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində dinc yolla həlli nəzərdə tutulur. Diplomatın sözlərinə görə, “ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü həmişə dəstəkləmişdir”. Mətyu Brayzə həmçinin əmin etmişdir ki, Rusiya, Nikaraqua və HƏMAS-dan fərqli olaraq, ABŞ Gürcüstanın iki separatçı regionunun müstəqilliyini heç vaxt tanımayacaqdır. O, ümidvar olduğunu bildirmişdir ki, dünyanın digər dövlətləri də ABŞ-dan nümunə götürəcəkdir.
Şübhəsiz, tərifəlayiqdir ki, Mətyu Brayzə separatçı Cənubi Osetiya və Abxaziyanın taleyindən danışanda beynəlxalq hüquq normalarına qəti şəkildə tərəfdar olmasını nümayiş etdirir. Buna baxmayaraq, belə bir fakt təəssüf doğurur ki, Amerika diplomatı Cənubi Qafqazdakı daha bir separatçı qurumdan söz düşəndə və özü ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədri rolunda çıxış edəndə analoji prinsipiallıq nümayiş etdirmir. Yurd-yuvasından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlər daha Mətyu Brayzədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində həll olunacağı barədə bəyanatlar eşitmirlər. Gürcüstanın olduğu kimi, Azərbaycanın da ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmək əvəzinə, nədənsə amerikalı həmsədr hər dəfə münaqişənin əks tərəfini də razı salmağa çalışır və erməni auditoriyasını guya Dağlıq Qarabağın statusunun hansısa naməlum “siyasi” proseslər zamanı müəyyən olunacağı kimi “əlavələr”lə sakitləşdirir. Təəccüblüdür ki, görəsən, Abxaziya və Cənubi Osetiyanın gələcək statusu barədə söhbət düşəndə, nə üçün dünya bu cür “sakitləşdirici əlavələr” eşitmir.
Tamamilə aydındır ki, keçmiş sovet məkanında “dondurulmuş” münaqişələrin mahiyyəti eynidir - “millətlərin öz müqəddəratını təyin etmək hüququ” prinsipindən möhtəkirliklə istifadə etmək. Əgər abxazların və osetinlərin dövlətçiliyinin olmamasını nəzərə alaraq, Abxaziya və Cənubi Osetiya məsələsində haradasa qəlbimizin dərinliklərində, nəzəri cəhətdən bu prinsipin tətbiqinin mümkünlüyünü fərz edə biləriksə, Dağlıq Qarabağ erməniləri ilə əlaqədar bu prinsip tamamilə yersizdir, çünki dünyada ayrıca “Dağlıq qarabağlılar” milləti mövcud deyildir. Erməni xalqının isə öz dövlətçiliyi var, özü də bu dövlət yetərincə şübhə doğuran ərazilərdə yerləşir. Öz müqəddəratını təyinetmə dəfələrlə istifadə olunan kosmik şatl deyildir. Millət öz müqəddəratını bir dəfə təyin edə bilər.
Təəccüb doğurur ki, beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ı fəal dəstəkləyən, hətta sülhməramlı kontingentini Kosovoya, İraqa və Əfqanıstana göndərən Azərbaycan öz strateji tərəfdaşının bu cür naşükür münasibətilə, onun rəsmi nümayəndəsi Mətyu Brayzənin Cənubi Qafqazda mahiyyətcə tamamilə eyni olan münaqişələri fərqləndirməsi və eyni ziddiyyətli bəyanatını dəfələrlə təkrar etməsi ilə üzləşir: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq Dağlıq Qarabağın gələcək statusu siyasi proseslərin gedişində həll olunacaqdır”.
Belə bir fakt diqqəti cəlb edir ki, Mətyu Brayzə Bakını və Yerevanı öz cəmiyyətlərini qarşılıqlı və mürəkkəb güzəştlərə hazırlamağa çağırır, ancaq dünya Moskva və Tbilisiyə belə çağırışları eşitmir.
Dağlıq Qarabağ ilə Cənubi Osetiya və Abxaziya münaqişələrinə bu cür fərqli münasibət ABŞ-ın Dövlət Departamentinin beynəlxalq hüquq normaları ilə əlaqədar prinsipial mövqeyini şübhə altına qoyur. Brayzə öz müsahibələrində dəfələrlə bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin, eyni zamanda, təsdiq edirlər ki, münaqişənin sülh yolu həllində öz müqəddəratını təyinetmə prinsipini də fundamental element hesab edirlər. Gürcüstana gəldikdə isə, o, Amerika diplomatiyasından daha imtiyazlı münasibət görür, ABŞ Dövlət Departamenti Gürcüstandakı münaqişələrin həllində iki prinsipin birləşdirilməsindən danışmır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin