Çaylarda ölçmə işlərinin avtomatlaşdırılması nəzərdə tutulub
Bakı, 29 yanvar, G.Mahmudlu, AZƏRTAC
Meteoroloji stansiyalarda müşahidələr əvvəllər işçilər tərəfindən aparılırdısa, artıq bu proses avtomatlaşdırılıb. İki il əvvəl meteoroloji müşahidə sisteminin avtomatlaşdırılması ilə əlaqədar olaraq Finlandiyanın “VAİSALA” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 30 yeni avtomat meteoroloji stansiya alınıb və ölkə ərazisində quraşdırılaraq istifadəyə verilib. Hazırda ölkədə 68 avtomatlaşdırılmış meteoroloji stansiya var. İnsan müdaxiləsi olmadan havanın müxtəlif parametrləri ölçülərək şəbəkəyə daxil olur, baza şəklində yığılır. Meteoroloji müşahidə məlumatlarının ötürülməsi və paylanması, eləcə də saxlanması və emalı prosesinin modernləşdirilməsinin təmin olunması məqsədilə Fransanın “COROBOR sistems” şirkəti ilə də müqavilə imzalanıb. Müqavilənin şərtlərinə uyğun olaraq, şirkət tərəfindən göndərilən lazımi cihaz və avadanlıqlar ölkəyə gətirilib, quraşdırılaraq təhvil verilib. Eyni zamanda, ötən il İngiltərə şirkətlərinin biri ilə də müqavilə bağlanıb. Müqavilələr nəticəsində 17 meteoroloji stansiyadan alınan məlumatlar beynəlxalq yayıma ötürülür.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
Baş hidroloq, həmçinin qeyd edib ki, çaylarda ölçmə proseslərinin avtomatlaşdırılması və sistemə daxil edilməsi istiqamətində işlər aparılır.