ÇAYLARDA SULULUĞUN ARTIMI MÜŞAHİDƏ OLUNUR
Bakı, 15 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, fevral ayının 2-ci ongünlüyündən və mart ayından başlayaraq temperaturun yüksəlməsi və ayrı-ayrı günlərdə yağan yağışlar orta dağlıq ərazilərdə qar örtüyünün tədricən əriməsinə şərait yaratmışdır ki, nəticədə çaylarda sululuğun artımı müşahidə olunmuşdur.
Hal-hazırda Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 195-23 faizini, Quba-Xaçmaz bölgəsi çaylarında normanın 250-350 faiz, Qudyalçay-Küpçalda normanın 200 faiz, Kiçik Qafqaz çaylarında 160-190 faiz, Naxçıvan MR çaylarında 55-85 faiz, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 25-60 faizini təşkil edir.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir su anbarının səviyyəsi 1,64 metr, Araz su anbarının səviyyəsi 2,46 metr, Ceyranbatan su anbarının səviyyəsi 1,13 metr, Şəmkir su anbarının səviyyəsi isə 3,31 metr çoxdur.
Avropa Ortamüddətli Hava Proqnozlar Mərkəzinin fəsillik proqnozlarına görə bu ilin yaz-yay aylarında (aprel-may-iyun) Qafqazın mərkəzi ərazilərində yağıntıların normaya yaxın dağlıq ərazilərdə normadan çox, temperaturun isə normadan 0,5-1,00 dərəcəyədək yuxarı olacağı gözlənilir.
Gürcüstan Hidrometeorologiya Departamentindən alınan məlumata görə isə aprel ayında Gürcüstanın şərq rayonlarında yağıntıların normadan aşağı, temperaturun isə normadan 10 faiz yuxarı olacağı gözlənilir.
Gursululuq dövründə Kür çayının Tiflis məntəqəsində gözlənilən axım normanın 116 faizi, Qanıx (Alazan) çayının Şakriani məntəqəsindən isə gözlənilən normanın 105 faizi olacağı gözlənilir.
Aprel ayında respublikanın ərazisində yağıntıların normaya yaxın, temperaturun isə normadan yuxarı olacağı gözlənilir.
Gursululuq dövrünün ayrı-ayrı günlərində temperaturun yüksəlməsi və dağlarda qarın əriməsi, xüsusən də yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Göyçay, Girdimançay və sair), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay və sair), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay və sair), Naxçıvan MR-nın (Naxçıvançay, Cəhriçay, Əlincəçay, Gilançay, və sair) və Lənkəran-Astara bölgəsinin (Lənkərançay, Viləşçay və s.) çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.
Aprel ayında temperaturun normadan yuxarı olacağını və bununla əlaqədar dağlıq ərazilərdə qarın intensiv əriyəcəyini, eyni zamanda yağıntıların normaya yaxın olacağını, Mingəçevir və Araz su anbarlarında və Kür çayının aşağı axınında suyun hazırkı səviyyəsinin ötən illərdəkindən yuxarı olduğunu nəzərə alaraq, aparılan hesablamalara əsasən qeyd edirik ki, aprel və may aylarında Kürün aşağı axınında su basma hallarının baş verəcəyi gözlənilir.