ÇEXİYADA XOCALI SOYQIRIMININ 15-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azəri-Çex” Cəmiyyətinin təşəbbüsü ilə fevralın 26-dan başlayaraq iki ay müddətində Çexiyanın Liditse şəhərindəki xatirə kompleksində Xocalı soyqırımının 15-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçiriləcəkdir.
Tədbirlər planında, Xocalı faciəsi ilə bağlı rəsm və fotosərgilərin, elmi seminarların, qırğının canlı şahidləri ilə görüşlərin və diskussiyaların təşkili, filmlərin nümayişi nəzərdə tutulmuşdur. Bundan başqa, Praqanın mərkəzi meydanında qurulacaq çadırda Xocalı soyqırımını əks etdirən fotoşəkillərin və videofilmlərin nümayişi, həmçinin Xocalı haqqında kitab, buklet və CD-lərin paylanması, beynəlxalq təşkilatlara ünvanlanacaq petisiya üçün imzaların toplanması planlaşdırılır.
Bu tədbir Çexiyada fəaliyyət göstərən “Azəri-Çex” Cəmiyyəti ilə Liditse xatirə kompleksinin inzibati rəhbərliyi arasında imzalanmış əməkdaşlıq sazişinə uyğun olaraq həyata keçiriləcəkdir. Həmin sənədə əsasən 2007-ci il fevralın 27-də xatirə kompleksində Xocalı soyqırımının 15-ci ildönümünün, martın 26-da isə Bakı şəhərində Liditse faciəsinin anım mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur.
Xatırladaq ki, Çexiyanın Liditse qəsəbəsi II Dünya müharibəsi zamanı - 1942-ci il iyunun 10-da faşistlər tərəfindən yerlə-yeksan edilmiş və əhalisi, o cümlədən 82 uşaq xüsusi amansızlıqla öldürülmüşdür. 1992-ci fevralın 26-da isə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı qətlə yetirilmiş yüzlərlə günahsız insanın 83-ü uşaqdır.