Çexiyanın Zlin şəhərində Azərbaycan biznes günü
Praqa, 12 fevral, AZƏRTAC
Ölkəmizin Çex Respublikasındakı səfiri Fərid Şəfiyev bu ölkənin Zlin regionuna səfəri çərçivəsində fevralın 11-də bölgənin rəhbərliyi və Ticarət Palatası tərəfindən Zlin şəhərində təşkil olunmuş “Azərbaycan biznes günü” (“Business Day Azerbaijan”) adlı tədbirdə iştirak edib.
Tədbirin açılışında Zlin regionu qubernatorunun müavini Yaroslav Drozd görüşün sahibkarlığa dəstək məqsədi daşıdığını bildirib və Azərbaycanın mühüm iqtisadi tərəfdaş kimi rolunu xüsusi qeyd edib.
Səfir F.Şəfiyev çıxışında ölkəmizdə aparılan islahatlar, əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycan-Çexiya münasibətləri haqqında ətraflı məlumat verib. Diplomat Azərbaycanın investisiya və biznes imkanlarından da bəhs edib.
Çexiya sənaye və ticarət nazirinin müşaviri Milan Hovorka, nazirliyin xarici iqtisadi siyasət şöbəsinin direktoru Martin Pospişil, habelə Çex Respublikası Xarici İşlər Nazirliyinin Qərbi və Şimali Avropa ölkələri bölməsinin nümayəndəsi, bu ölkənin Azərbaycanda səfiri olmuş Radek Matula çıxışlarında dövlətlərimiz arasında ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələrin müxtəlif cəhətlərinə diqqət yetirib və Azərbaycanın regionda vacib tərəfdaş olduğunu bildiriblər.
Tədbirdə Çexiya İxracatın Zəmanəti və Sığortası Cəmiyyətinin (EGAP) və Çexiya İxrac Bankının (ÇEB) nümayəndələri də çıxış ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa