DÜNYA
Çin “BeiDou-3” naviqasiya sistemi üçün 2 ehtiyat peyki orbitə çıxarıb VİDEO
Pekin, 19 sentyabr, AZƏRTAC
Çinin “BeiDou-3” naviqasiya sisteminə aid sonuncu ehtiyat 2 peyk orbitə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, peykləri orbitə aparan “Uzun yürüş-3B” (“Long March-3B”) daşıyıcı raketinin buraxılışı Siçuan əyalətindəki Siçanq buraxılış məntəqəsində yerli vaxtla saat 09:14-də baş tutub.
Orta Yer orbitində fəaliyyət göstərəcək peyklər sistemin etibarlılığını artıracaq, yerləşmə, naviqasiya, zamanlama, habelə istifadəçilər üçün qısa mesaj xidmətlərinin keyfiyyətini artıracaq.
Qeyd edək ki, “BeiDou-3” naviqasiya sisteminin ehtiyat peyklərindən başqa, orbitdə daha 30 peyki də var. Onların istismar müddəti 10 ildir. Ən uzun müddət istismar olunan peykin 6 yaşı var. Növbəti mərhələdə “BeiDou-4” sistemi üçün yeni peyklər orbitə çıxarılacaq.
Çin 3 mərhələdə özünün peyk-naviqasiya sisteminin formalaşdırılmasına başlayıb. Yalnız ölkə ərazisində xidmətlər göstərən birinci mərhələnin formalaşdırılması 2000-ci illərin sonunda başa çatıb. 2012-ci ildə başa çatan ikinci mərhələdə sistemin Asiya və Sakit okean hövzəsi regionunda xidmətlər göstərməsi təmin olunub. Üçüncü mərhələdə (2020-ci il) isə sistemin bütün dünyanı əhatə etməsi mümkün olub. “BeiDou” sisteminin xidmətlərindən nəqliyyat, kənd təsərrüfatı, balıqçılıq, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması da daxil olmaqla bir çox istiqamətlər üzrə geniş istifadə olunur. Çindəki internetə çıxışı olan smartfonların 70 faizdən çoxu “BeiDou” sistemindən istifadə edir.
“BeiDou” sistemi dünyada GPS (ABŞ), “Glonass” (Rusiya) və “Galileo”dan (Avropa İttifaqı) sonra 4-cü naviqasiya sistemidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin