Çin dili üzrə beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə “Çin dili körpüsü” mövzusunda XI beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub. Müsabiqə “Çin dilini öyrən - yeni dünyanı kəşf et” devizi altında məktəblilər arasında keçirilib. Seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin dilinin təbliği üzrə Dövlət Dəftərxanası - Konfutsi İnstitutlarının qərargahı və Konfutsi İnstitutu tərəfindən təşkil edilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə müxtəlif orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri qatılıblar. Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin Çin konsulluğu şöbəsinin müdiri Sun Fuzhong bildirib ki, müsabiqənin keçirilməsinin məqsədi Azərbaycan məktəblilərinin Çin dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirməkdir. O, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar arzulayıb, “dil körpüsü” vasitəsilə Azərbaycan-Çin əməkdaşlığına töhfələr verəcəklərinə ümidvar olduğunu bildirib.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzulayıb.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ölkəmizdə Çin dilinin tədrisinin perspektivlərindən, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclərin, eləcə də respublikamızın ali məktəblərində təhsil alan çinli tələbələrin sayının artmasından, hər iki ölkənin hökumətləri tərəfindən təqaüdlərin verilməsindən danışıb. O, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası üzrə seçim turu bir neçə mərhələdə keçirilib. İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çin mədəniyyəti haqqında sualları cavablandırıb, bədii nömrələr nümayiş etdiriblər. Sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayner tələbələri tərəfindən hazırlanan “Çin - güllərin səltənəti” moda sərgisində Çin üslubunda qadın geyim nümunələri nümayiş olunub. Məktəblilərin çıxışları ADU-nun və Konfutsi İnstitutunun müəllimləri, Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin də daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar.