ELM VƏ TƏHSİL
“Çin indiki zamanda” layihəsi çərçivəsində növbəti seminar olub
Bakı, 23 noyabr, AZƏRTAC
Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Çin indiki zamanda” (China Time Lectures) layihəsi çərçivəsində növbəti seminar keçirilib. Xəzər Universitetinin dəvəti ilə Müasir Çin və Dünya Araşdırmaları Akademiyasının nümayəndə heyəti bu tədbirdə iştirak edib.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, qonaqlar öncə ali təhsil müəssisəsinin rəhbərliyi ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.
Sonra Müasir Çin və Dünya Araşdırmaları Akademiyasının Beynəlxalq Münasibətlərin Tədqiqi Mərkəzinin böyük elmi işçisi Gao Lişa “Çini anlamaq üçün üç açar söz” mövzusunda mühazirə ilə çıxış edib. O, müasir Çini xarakterizə edən üç əsas fikir, o cümlədən “Çin xarakterli müasirləşmə”, “bütöv prosesli xalq demokratiyası” və “qlobal sivilizasiya təşəbbüsü” ifadələrini geniş izah edib, Çinin son illər irəli sürdüyü təşəbbüslərin dünya üçün əhəmiyyəti, Azərbaycan-Çin münasibətlərindəki rolunu təhlil edib. Məruzəçi xüsusi vurğulayıb ki, bu təşəbbüslər Çinin inkişafının əsas təkanverici qüvvələrindən olmaqla yanaşı, dünyanın Çini daha yaxşı anlaması üçün əhəmiyyətlidir. Gao Lişa qeyd edib ki, “Çin xarakterli müasirləşmə” Çini inkişafa və nailiyyətlərə aparan əsas yolu, “bütöv prosesli xalq demokratiyası” Çinin siyasi sisteminin ümumi mənzərəsini, “qlobal sivilizasiya təşəbbüsü” Çinin dünya sivilizasiyasının inkişafını təşviq etməkdə məsuliyyətini və öhdəliyini nümayiş etdirir.
Daha sonra məruzəçi auditoriyanın suallarını cavablandırıb.
Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzi 2022-ci ilin oktyabrında təsis edilmiş beyin mərkəzidir.
Müasir Çin və Dünya Araşdırmaları Akademiyası Çinin Xarici Dillər Nəşriyyatı Administrasiyasının nəzdində fəaliyyət göstərən beyin mərkəzidir.