ÇİN ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
Qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən E.Məmmədyarov, dövlətlərarası münasibətlərin daha da inkişafı məqsədi ilə ediləcək əməkdaşlıqdan məmnunluğunu nəzərə çarpdırmışdır.
Azərbaycana ilk səfərindən məmnun olduğunu söyləyən səfir, Çin xarici işlər nazirinin səmimi salamlarını E.Məmmədyarova çatdırmış, ölkələrimiz arasındakı mövcud münasibətlərin daha da inkişafı naminə bütün imkanlardan istifadə edəcəyini bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri və bu zaman imzalanmış 13 mühüm sənəd ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı üçün böyük imkanlar açmışdır.
Nazir E.Məmmədyarov Azərbaycanın və Çinin iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər sırasında olduğunu diqqətə çatdıraraq demişdir ki, ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndirilməsi üçün böyük imkanlar var.
Siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulmuşdur. Problemin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin zəruriliyini bildirən E.Məmmədyarov qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həllinə dair 4 qətnaməsinə hələ də əməl olunmamışdır.
Səfir Ç. Hayçjoun Çinin münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırmışdır.
Xarici siyasət idarəsinin başçısı E.Məmmədyarov regionda həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələri barədə qonağa ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.