ÇİN SƏFİRİNİN MİNİATÜR KİTAB MUZEYİNƏ HƏDİYYƏSİ
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, səfir qədim Çin müəlliflərinin miniatür kitablarını muzeyə hədiyyə etmişdir. Muzeyin direktoru Zərifə Salahova qiymətli hədiyyələrə görə səfirə minnətdarlığını bildirərək, görüşdə iştirak edən səfirliyin nümayəndələrini və akademik Cəlal Əliyevin başçılıq etdiyi Azərbaycan-Çin Dostluq və Əməkdaşlıq Cəmiyyəti idarə heyətinin üzvlərini muzeyin ekspozisiyası ilə tanış etmiş, onun yaranması tarixindən və elmi-nəşriyyat fəaliyyətindən danışmışdır.
Qeyd olunmuşdur ki, muzeyin ekspozisiyasında bir çox xarici ölkələrdə çapdan çıxmış nadir nəşrlər də mühafizə edilir.
Qonaqlar ümummilli liderimiz Heydər Əliyevin çıxış və nitqlərindən ibarət miniatür kitabların sərgiləndiyi stend ilə böyük maraqla tanış olmuşlar. Dostluq cəmiyyətinin məsul katibi Rafiq Abbasov əsası Heydər Əliyevin ÇXR-ə tarixi səfəri ilə qoyulmuş Azərbaycan-Çin mədəni əlaqələrinin sürətli inkişafı barədə tədbirə toplaşanlara ətraflı məlumat vermişdir. Səfir Çjan Siyun muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazaraq, toplanmış kolleksiyanın müstəsna mədəni əhəmiyyətini qeyd etmişdir.