DÜNYA
Çin və Səudiyyə Ərəbistanı ticarəti öz mili valyutaları ilə həyata keçirəcək
![Çin və Səudiyyə Ərəbistanı ticarəti öz mili valyutaları ilə həyata keçirəcək](/files/2023/3/1200x630/17005567091158240287_1200x630.jpg)
Bakı, 21 noyabr, AZƏRTAC
Çin ilə Səudiyyə Ərəbistanı arasında təqribən 7 milyard dollar məbləğində hər iki ölkənin milli valyutası üzrə “swap” (mübadilə) razılaşması əldə olunub. Bu saziş Yaxın Şərq və inkişaf etməkdə olan ölkələrin qeyr-neft ticarətində böyük bir pul dövriyyəsini dollar ilə ödənişdən qoparacaq.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, Çin və Səudiyyə Ərəbistanının mərkəzi bankları arasında imzalanan üçillik bu saziş maksimum 50 milyard yuan və 26 milyard rial maliyyə vəsaitinin mübadiləsini nəzərdə tutur.
Səudiyyə Ərəbistanı böyük enerji və əmtəə ixracatçıları ilə ticari əməliyyatlarda yuandan istifadəni təşviq edən Çinin ən mühüm ticarət tərəfdaşlarından biridir.
Çin Mərkəzi Bankının məlumatında qeyd olunub ki, “swap” sazişi ölkələr arasında maliyyə sahəsində əməkdaşlığı gücləndirəcək, həmçinin ticarət və investisiyaları asanlaşdıracaq. Səudiyyə Ərəbistanının Mərkəzi Bankı isə bu razılaşmanı çinli həmkarları ilə əməkdaşlığın daha bir müsbət nəticəsi kimi qiymətləndirib.
Səudiyyə Ərəbistanı Çinin ən böyük neft tədarükçüsü olmaqla yanaşı, həm də onun neft-kimya sənayesinə milyardlarla dollar həcmində sərmayə qoyur, eyni zamanda, texnologiya sahəsində əlaqələri genişləndirir.
Çinin dövlət başçısı Si Cinpinin bu il Səudiyyə Ərəbistanına səfəri əsnasında iki ölkə arasında 50 milyard dollar məbləğində iqtisadi-ticari sazişlər imzalanıb.