Çində əhaliyə vurulan COVID-19 peyvəndinin miqdarı 150 milyon dozaya yaxınlaşıb
Pekin, 8 aprel, AZƏRTAC
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində əhaliyə 149 milyon dozadan çox peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, Çin bu göstəriciyə görə dünyada ABŞ-dan sonra ikincidir.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Bu mərhələdə ilkin olaraq böyük və orta şəhərlərdə, liman şəhərlərində və sərhədyanı zonalarda yaşayanların, dövlət müəssisələrində çalışanların, ali məktəblərin müəllim və tələbələrinin peyvənd olunmasına üstünlük verilir. Vaksinasiya üçün ölkə üzrə 74 min 766 məntəqə fəaliyyət göstərir.
Çinin səlahiyyətli qurumları iyunadək ölkə əhalisinin 40 faizini, gələn ilin əvvəlinədək isə 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Bu hədəfə nail olmaq üçün gündəlik vurulan peyvənd dozasının sayını 10 milyona çatdırmaq şərtdir. Bu məqsədlə müvəqqəti peyvənd məntəqələrinin sayı artırılacaq, bəzi şəxslərə evlərində vaksin vurulması da mümkün olacaq.
Qeyd edək ki, vaksinasiyada "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan 3 inaktiv peyvənddən istifadə olunur. May ayından bu siyahıya “CanSino” şirkətinin rekombinant adenovirus peyvəndi əlavə olunacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin