DÜNYA
Çində Nankin qırğını qurbanlarının xatirəsi anılır VİDEO
Pekin, 13 dekabr, AZƏRTAC
Çinin Ciansu vilayətinin Nankin şəhərində yapon istilası dövründə törədilmiş qırğınlarda ölənlərin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Çinin ovaxtkı paytaxtı olan Nankində 1930-1940-cı illərdə baş verən hadisələrdə ölənlərin anım mərasimi keçirilib. Nankin qırğını qurbanlarının xatirə muzeyində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, qırğın qurbanlarının yaxınları iştirak ediblər. Yerli vaxtla saat 10:00-də bir dəqiqəlik sükut elan edilib, dövlət bayraqları endirilib. Çinin müxtəlif şəhərlərində də oxşar mərasimlər keçirilib.
Xatırladaq ki, Çin tərəfinin məlumatına əsasən, yapon ordusunun Nankində 1937-ci il dekabrın 13-dən yanvarın sonunadək törətdiyi qırğınlarda 300 mindən çox dinc sakin və silahsız əsgər öldürülüb. Rəsmi Tokio bunu təsdiq etsə də, həlak olanların sayı barədə məlumatların dəqiq olmadığını və bununla bağlı müxtəlif fikirlərin mövcudluğunu bildirir.
Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının 2014-cü ildə qəbul etdiyi qərarla hər il 13 dekabr tarixi Çində Nankin qırğını qurbanlarının xatirəsinin anım günü kimi qeyd edilir. Qətliamdan sağ qurtarmış cəmi 38 nəfər hazırda həyatdadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin